News

30 Nov
Tvinninq layihəsi çərçivəsində təhsil proqramlarının akkreditasiyası üzrə göstəricilər hazırlanıb

26-30 noyabr 2018-ci il tarixlərində Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.

Sözügedən layihənin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizə Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin keyfiyyətin təminatı və ali təhsilin qiymətləndirilməsi üzrə Baş Layihə Kordinatoru, eləcə də Tvinninq layihəsinin layihə rəhbəri Bruno Kurval, Fransanın Milli Təhsil, Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin nəzdindəki Ali Təhsil və Tədqiqatın Qiymətləndirilməsi Agentliyinin (HCERES) akkreditasiya üzrə eksperti Elian Kotler, Litvanın Ali Təhsildə Keyfityyətin Qiymətləndirilməsi Mərkəzinin Təhsil proqramlarının qiymətləndirilməsi şöbəsinin rəhbəri Almantas Serpatauskas və Latviyanın Akademik Məlumat Mərkəzinin (AİC) Akkreditasiya Şöbəsinin müdir müavini Yolanta Silka səfər etmişlər.  


Missiyanın məqsədi Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlara (ESG) uyğun olaraq Azərbaycanda ali təhsilin keyfiyyət təminatı sistemi üçün proqram akreditasiyası üzrə yol xəritəsinin, eləcə də təhsil proqramların qiymətləndirilməsi üzrə kriteriyalarların keyfiyyət və kəmiyyət göstəricilərinin işlənib  hazırlanması olmuşdur.


Missiya çərçivəsində Akkreditasiya və Nostrifikasiya İdarəsində görüşlər keçirilmiş, proqram akkreditasiyası sahəsində Fransa, Latviya və Litvada mövcud olan təcrübə Akkreditasiya şöbəsinin əməkdaşlarının diqqətinə çatdırılmışdır. Bundan başqa, avropalı ekspertlər tərəfindən proqam akkreditasiya ilə bağlı göstəricilər təklif olunmuş, həmin göstəricilərin yerli ali təhsil kontekstinə uyğunlaşdırılması üzərində birgə iş aparılmış və müvafiq layihə sənədi hazırlanmışdır.


Daha sonra isə avropalı və yerli ekspertlər birlikdə proqram akkreditasiyası üzrə yol xəritəsinin layihəsinin üzərində birgə iş aparıblar.

Yuxarıda qeyd olunan hər iki sənəd layihəsinin təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunması gözlənilir.